DÜNYA
Avropa İttifaqı Serbiya və Monteneqronu koronavirusdan təhlükəsiz ölkələr siyahısından çıxarıb
Belqrad, 14 iyul, AZƏRTAC
Avropa İttifaqı Serbiya və Monteneqronu koronavirusa az yoluxmuş ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 14-də qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı sözügedən ölkələrin vətəndaşlarının birliyə daxil olan ölkələrə sərbəst giriş-çıxışlarını yenidən məhdudlaşdırır və buna səbəb kimi həmin ərazilərdə koronavirusa yoluxma sayının yenidən artdığını göstərir. Yenilənmiş siyahı sabah dərc olunacaq. Lakin Aİ-yə daxil olan 27 ölkə bu siyahıya əməl etmək məcburiyyətində deyil.
Siyahıya daxil 14 qeyri-birlik ölkəsinin vətəndaşları Aİ-yə daxil ölkələrə karantin tətbiq olunmadan giriş-çıxış imkanına malik idilər. Siyahı həmin ölkələrdəki epidemioloji göstəricilərə əsasən yenilənir.
Hazırda Əlcəzair və Mərakeşin də həmin siyahıdan çıxarılması barədə müzakirələr aparılır.
Serbiya və Monteneqronun siyahıdan çıxarılmasından sonra orada hələlik Əlcəzair, Avstraliya, Kanada, Çin, Gürcüstan, Yaponiya, Mərakeş, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay qalır.
Çinin də adının siyahıda olmasına baxmayaraq, ora uçuşlar yalnız ikitərəfli əsasda açıla bilər. Digər ölkələrə belə qayda şamil olunmayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad