İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankı "Bank Respublika"ya iki kredit xətti açmışdır
Bakı, 18 dekabr (AZƏRTAC). Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Bank Respublika"ya 9,4 milyon ABŞ dolları həcmində iki kredit xətti açmışdır.
AZƏRTAC xəbər verir ki, 5,4 milyon ABŞ dolları həcmində olan kredit xətti yerli şirkətlərin investisiya və dövriyyə kapitalını maliyyələşdirmək məqsədilə mikro, kiçik və orta sahibkarlara (MKOS) orta və uzunmüddətli kreditlər vasitəsilə ayrılacaqdır. Bu, AYİB-in Azərbaycandakı strateji prioriteti hesab etdiyi ölkənin real iqtisadiyyatında kredit çatışmazlığı probleminin həllinə töhfəsini verəcəkdir. Kredit xəttinin 1 milyon ABŞ dolları bp və tərəfdaşları tərəfindən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri boyunca MKOS-lərin dəstəklənməsinə yönəlmiş və Azərbaycanda Davamlı İnkişaf Təşəbbüsü Proqramının bir hissəsi kimi təmin ediləcəkdir.
Dörd milyon ABŞ dolları həcmində olan digər kredit xətti ipoteka kreditləri vasitəsilə mənzillərin alınmasını, təmirini və ya tikintisini maliyyələşdirilmək üçün fərdi müştərilərə veriləcəkdir.