DÜNYA
Avropa komissarı Culian Assanjın ekstradisiyasına qarşı çıxıb
Bakı, 18 may, AZƏRTAC
Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç “WikiLeaks” saytının qurucusu avstraliyalı Culian Assanjın ABŞ-a ekstradisiyasına qarşı çıxıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müvafiq məktub mayın 10-da yazılsa da, yalnız mayın 18-də dərc olunub.
“Mən sizi Culian Assanjın ekstradisiyasına qarşı qərar verməyə çağırıram”, - deyə Dunya Miyatoviçin Böyük Britaniyanın daxili işlər naziri Priti Patelə ünvanladığı məktubda bildirilir. Avropa komissarı avstraliyalının ekstradisiyasının mətbuat azadlığına mənfi təsir göstərəcəyini də vurğulayıb.
Bir müddət öncə Culian Assanjın vəkilləri ekstradisiya prosesini bloklamaq üçün Böyük Britaniyanın daxili işlər nazirinə sorğu göndərib.
Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti avstraliyalıya qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.