İQTİSADİYYAT
Avropa şirkətləri və investorları Azərbaycanı seçir
Bakı, 23 may, AZƏRTAC
Etibarlı tərəfdaş olması, əlverişli biznes mühiti Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın hərtərəfli güclü dövlət olmasını təmin edən milli maraqlara əsaslanan dövlət siyasəti ölkəmizin sosial-iqtisadi qüdrətini davamlı artırmaqla yanaşı, beynəlxalq arenada da güclü dövlət və etibarlı tərəfdaş imicimizi formalaşdırıb. Bu isə eyni zamanda, uğurlu ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradıb. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq analitik mərkəzlər, xarici ekspertlər ölkəmizdə müşahidə edilən siyasi və sosial-iqtisadi sabitliyi, dövlətimizin beynəlxalq arenada nüfuzunu, əməkdaşlıq müstəvisində yüksək etimada malik olmasını, bir sıra regional və dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və lokomotivi rolunu oynamasını, həmçinin Avropanın enerji təhlükəsizliyində həlledici mövqeyini və sair göstəriciləri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün olduqca səmərəli hesab edirlər.
Yuxarıda qeyd edilənlər öz bariz təsdiqini bir neçə gün əvvəl keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda təqdim edilmiş “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında da tapmış oldu. Belə ki, hesabata əsasən, ölkəmizdə təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Avropa İttifaqı ölkələri şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq investisiya layihələri istiqamətində işə başlayıb.
Bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dünyanın əsas texnologiya və iqtisadi mərkəzlərindən olan Avropa İttifaqı Azərbaycanla əlaqələrə, o cümlədən iqtisadi əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqı Azərbaycanın ən böyük investisiya tərəfdaşıdır. Avropa İttifaqı ölkəmizə Tvinninq və digər mexanizmlərlə mühüm dəstək göstərir. Ümumiyyətlə isə son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. İstər Avropa İttifaqı, istərsə də Azərbaycan rəsmilərinin bildirdiyinə görə, bu il də Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi artacaq.
Bütün bunlar Azərbaycana güclü və etibarlı tərəfdaş, iqtisadi gücü davamlı artan dövlət kimi göstərilən böyük etimaddan irəli gəlir. Azərbaycanın son iqtisadi göstəriciləri də ölkəmizin iqtisadiyyatının keyfiyyətcə yeni mərhələdə inkişaf etdiyini, qlobal şoklara, pandemiyanın təsirlərinə qarşı davamlılığını göstərir. Məsələn, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib. Bu isə həm də vergi daxilolmalarının artmasına səbəb olub. Belə ki, vergi daxilolmalarında artım 250 milyon dollardır. Bununla yanaşı, nüfuzlu beynəlxalq qurumların Azərbaycanda iqtisadi artımla bağlı nikbin proqnozları da ölkənin iqtisadi inkişafı və investisiya mühiti ilə bağlı yaxşı perspektivlər vəd edir.
Beləliklə, iqtisadi şaxələndirmə, əlverişli biznes və investisiya mühiti, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə reallaşdırılan islahatların uğurlu nəticələri ölkəmizin davamlı inkişaf edən, stabil siyasi-iqtisadi imicə malik, Cənubi Qafqazın lider dövləti kimi dünyada imicini xeyli dərəcədə gücləndirib. Məhz buna görə də öncül texnologiyalar tətbiq edən nüfuzlu xarici şirkətlər və investorlar Azərbaycanı seçir, bizneslərinin inkişafını Azərbaycanda davamlı iqtisadi inkişafla uzlaşdırırlar.