DÜNYA
Avropanın qaz anbarlarında yanacaq ehtiyatı 40 faizdən aşağı düşüb
Bakı, 29 yanvar, AZƏRTAC
Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatı 40 faizdən də aşağı düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Gas Infrastructure Europe (GIE)” institutunun məlumatına görə, bu, müşahidələrin aparıldığı 2011-ci ildən bəri ən erkən azalmadır.
Yanvarın 27-də Avropadakı yeraltı anbarlardan 660 milyon kubmetr qaz sərf olunub. Hazırda anbarların yalnız 39,65 faizi doludur. Bu, son beş ildə müvafiq tarix üçün qeydə alınan orta göstəricidən 15,7 faiz aşağıdır. Bundan öncə qitədə qaz ehtiyatları sonuncu dəfə 2017-ci il fevralın 3-də 40 faizdən aşağı düşmüşdü. Cari ildə isə bu göstərici bir həftə əvvəl qeydə alınıb.
Hazırda Avropa anbarlarında təxminən 42,8 milyard kubmetr qaz qalıb ki, bu da ötən illə müqayisədə 15,9 milyard kubmetr azdır. Yeraltı qaz anbarlarında ən az mavi yanacaq ehtiyatları Avstriyada (23,26 faiz), Niderlandda (27,49 faiz) və Bolqarıstanda (32,92 faiz) müşahidə olunur. Almaniyada anbarlarının 38 faizi, Fransada 37,4 faizi, İtaliyada 50,9 faizi, Böyük Britaniyada isə 67,2 faiz doludur.