REGİONLAR
“Avrora Qrup”dan kimsəsiz uşaqlara maraqlı hədiyyə VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Avrora Qrup” “Nur" uşaq evi və sığınacağında yerləşən uşaqları sevindirib. Belə ki, şirkət sosial-ictimai məsuliyyət dəyərinə sadiq qalaraq ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində "Nur" uşaq sığınacağında məskunlaşan uşaqlar Qəbələ rayonuna səfər edib. Uşaqlar Qəbələ rayonunda yerləşən Qəbələnd əyləncə mərkəzində müxtəlif attraksionlardan istifadə edib, əyləncəli oyunlar oynayıblar. Daha sonra uşaqlar “Avrora Qrup” tərəfindən Vəndam kəndində yerləşən istirahət mərkəzində təşkil olunan bayram şənliyində iştirak ediblər. Burada uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıblar. Sonda hər bir uşağa müxtəlif oyuncaqlar da təqdim edilib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi “Avrora” şirkəti 2022-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.