İQTİSADİYYAT
Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır
Bakı, 11 oktyabr, AZƏRTAC
Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 11-də şirkətin prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
R.Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs edib, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini aldığını və 82 yanacaqdoldurma məntəqəsindən ikisinin artıq rebrendinq edildiyini, qalanlarının da yaxın müddətdə rebrendinq olunacağını bildirib. Şirkətin prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri A.Rayxhardt Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.
SOCAR-ın prezidenti qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat verib, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləyib, xarici sərmayələrin qorunmasından danışıb. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirib.
Görüşdə, həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub.