DÜNYA
Avstriyada peyvənd olunmayanlar üçün əlavə məhdudiyyətlər tətbiq ediləcək
Vyana, 23 oktyabr, AZƏRTAC
Avstriya hökuməti ölkədə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində yeni məhdudiyyətlər barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, pilləli xarakter daşıyan yeni məhdudiyyətlər xəstəxanaların reanimasiya şöbələrindəki COVID-19 xəstələrinin sayından asılı olacaq. Qeyd edilib ki, reanimasiya şöbələrindəki xəstələrin sayı 600 nəfəri keçəcəyi halda ictimai-sosial həyatın bir sıra sahələrində məhdudiyyətlər tətbiq ediləcək və bu qaydalara əsasən peyvənd olunmamış şəxslərin bir sıra məkanlara girişinə icazə verilməyəcək.
Səhiyyə naziri Volfqanq Mükştaynın sözlərinə görə, yoluxma statistikasına əsasən ümumi lokdaun tətbiqi nəzərdə tutulmur, əhali arasında yoluxmanın artmasına səbəb olan seqment, yəni peyvənd olunmayanlar (və ya bundan imtina edənlər) üçün giriş məhdudiyyətləri qüvvəyə minəcək. Belə ki, indiyədək qapalı məkanlara giriş üçün peyvənd olunmuş, xəstəliyi keçirmiş və müvafiq test (3-G qaydası) təqdim edilməsi tələb olunurdusa, növbəti mərhələdə giriş üçün testlərin tətbiqi dayandırılacaq və 2-G qaydasına keçiləcək. Bununla da ölkədə əhalinin vaksinasiya olunması prosesinə təkan veriləcəyinə və peyvənd olunmamış şəxslərin əhalinin sıx toplandığı yerlərdən kənar qalacağına ümid edilir. 2-G qaydaları kütləvi tədbirlər, mədəniyyət ocaqları, kafe və restoranlar da daxil olmaqla asudə vaxtın təşkili məkanları və idman tədbirlərinə şamil olunacaq.
Qeyd edilməlidir ki, sentyabrın 15-dən məhdudiyyətlər planının 1-ci pilləsi (reanimasiya şöbələrində 200-dək xəstə) qüvvədədir. Peyvənd olunmayanlar üçün lokdaun strategiyası 4-cü pillədə (xəstələrin sayı 600-dən yuxarı olduğu halda) reallaşmalıdır.
Avstriya Səhiyyə Nazirliyi mümkün məhdudiyyətlərlə bağlı fəaliyyət planını yaxın günlərdə təqdim etməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana