CƏMİYYƏT
Avstriyadakı Azərbaycan diasporunun növbəti görüşü keçirilib
Vyana, 21 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycanın Avstriyadakı səfirliyinin və bu ölkədəki Azərbaycan diasporu fəallarının iştirakı ilə videoformatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə bu ölkədə diaspor fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə paytaxt Vyana və regionlarda görüləcək işlərdən danışılıb.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov diaspor fəallarının ünvanladığı suallar əsasında 44 günlük Vətən müharibəsi dövründə və Şanlı Zəfərdən sonra Azərbaycanın regional və beynəlxalq müstəvidə yürütdüyü xarici siyasətə dair çıxış edib. Məruzədə beynəlxalq ictimaiyyətin, regiondakı söz sahibi dövlətlərin münaqişəyə yanaşması, xüsusilə də Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbənin Azərbaycan tarixində tutduğu yer barədə geniş bəhs olunub.
Sonra Azərbaycan haqqında həqiqətlərin Avstriya ictimaiyyətinə çatdırılması, eləcə də soydaşlarımız arasında ünsiyyət və şəbəkələşmənin təmin edilməsi üçün bir sıra layihələrin təqdimatı keçirilib.
Azərbaycan diasporunun fəalları cari məsələlərə dair münasibətlərini bildirib, yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyət və tədbirləri müzakirə ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana