MƏDƏNİYYƏT
Aygün Səmədzadənin Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş yeni əsərləri Türkiyədə təqdim olunub VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə Türkiyənin “TRT Avaz” telekanalında proqram yayımlanıb.
AZƏRTAC xəbər verir ki, proqram, həmçinin ölkəmizdə İctimai Televiziya vasitəsilə də izlənilib.
Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Türkiyənin Prezident Simfonik Orkestri (dirijor, Xalq artisti Yalçın Adıgözəlov) və TRT Dövlət Xorunun (bədii rəhbər Xalq artisti Elnarə Kərimova) müşayiəti ilə iki qardaş ölkənin solistləri tanınmış bəstəkarların əsərlərini ifa ediblər. Belə ki, konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Çırpınırdın Qara dəniz”, Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoğlunun “Şükriyyəm”, Muammer Sunun “Sakarya marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin “Türk Ordusuna” və “Bismillah” əsərləri səsləndirilib. Təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur.
Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün çıxışları konsertə rəngarənglik qatıb.
Qeyd edək ki, konsertdə Xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış iki əsəri - “Türk ordusuna” və “Bismillah” həm premyera, həm də məxsusi kompozisiya kimi xüsusi rəğbətlə qarşılanıb.
Bu barədə fikirlərini bölüşən Aygün Səmədzadə deyib: “Belə bir möhtəşəm tədbirdə iştirak etməyimdən olduqca məmnunam. Cümhuriyyətin 100 illiyi ilə bağlı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduğuma, tariximizin hər bir qürur səhifəsinə azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram. Əsərlərimin bu sanballı sıralamada yer aldığına görə mənimlə bərabər sevinənlərə, sənətimlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdığımız bütün tanınmış sənət adamlarına, başda maestro Xalq artisti Yalçın Adıgözəlov olmaqla, Xalq artisti Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləriylə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara təşəkkürümü bildirirəm. Layihələrdə bərabər çalışdığımız və əsərlərin ilkin versiyalarının təqdimatında iştirak edən Əvəz Muradova, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm”.