İDMAN
Ayşən Bayramova İtaliyada bürünc medal qazanıb VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan gimnastı Ayşən Bayramova, İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, gürzlərlə çıxış edən Ayşən Bayramova üçüncü yerdə qərarlaşıb, birinci və ikinci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında üçüncü yerin bir neçə addımlığında dayanıb.
İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıblar.
Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.