ELM VƏ TƏHSİL
AzMİU-nun “Qış məktəbi” beynəlxalq layihəsinin qalibləri mükafatlandırılıb
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsi bu gün başa çatıb.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, 10 gün davam edən layihənin sonunda qalib olan iştirakçıların adları açıqlanıb. Moskva Dövlət Akademik İncəsənət Universitetinin tələbəsi Amina Kadırova 1-ci yerə, Voronej Dövlət Texniki Universitetinin tələbələri Arina Şevrina, Yelizaveta Zavozova və Polina Sevostyanova 2-ci yerə, Vyatka Dövlət Universitetinin tələbəsi Diana Sitçixina 3-cü yerə layiq görülüblər. Qaliblər diplom və sertifikatlarla mükafatlandırılıb. Digər iştirakçılara da sertifikatlar verilib.
Qeyd edək ki, AzMİU-da 2017-ci ildən etibarən hər il əcnəbi tələbələr üçün beynəlxalq “Qış məktəbi” layihəsi həyata keçirilir. Bu tədris ilində pandemiya ilə əlaqədar layihə onlayn platforma üzərindən reallaşdırılıb. İştirakçı sayı 100-dən çox olan “Qış məktəbi”nin üzvləri əsasən Rusiya universitetlərinin tələbələri olub. Layihə çərçivəsində əcnəbi tələbələr üçün AzMİU-nun professor-müəllim heyəti tərəfindən master-klaslar keçirilib, Heydər Əliyev Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər məkanlara virtual səfərlər təşkil olunub.