ELM VƏ TƏHSİL
AzMİU-nun tələbələri üçün seminar təşkil olunub
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində yaradılmış İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı, işgüzar görüşlərin və seminarın keçirilməsi məqsədilə Milan Politexnik Universitetinin nümayəndə heyəti AzMİU-da olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dizayn mərkəzinin interyerlərinə və vizual kommunikasiyaya dair araşdırma və yeni həllər təklif etmək məqsədilə təşkil olunan seminar Milan Politexnik Universitetinin müəllimləri - professor Mauro Çekonello və dosent Silvia Qrameqna tərəfindən aparılır.
Memarlıq fakültəsində keçirilən və “İtaliya-Azərbaycan Dizayn Mərkəzinin identikliyi” mövzusuna həsr olunan seminar sərgi qurğuları və naviqasiya işarələri sisteminin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Seminarın ilk günü Milan Politexnik Universitetinin dosenti Silvia Qrameqna tələbələrə “İtaliya-Azərbaycan Dizayn Mərkəzinin identikliyi” mövzusunda mühazirə deyib. Təqdimat əsasında keçirilən mühazirədən sonra tələbələrə tapşırıqlar verilib və onlar tapşırıqlara uyğun olaraq işə başlayıblar.
İnteryer dizayn və qrafik dizayn ixtisasında təhsil alan 25 tələbənin qatıldığı seminarda tələbələr italiyalı müəllimlərlə ünsiyyətdə olur, layihənin işlənməsi ilə bağlı faydalı məsləhətlər alırlar.
Dizayn kafedrasının müəllim heyətinin iştirakı ilə keçən seminarda gənc dizaynerlər 4-5 nəfərlik qruplara bölünüb, texniki eskizlər, “moodboard”, “colorboard”, “materialboard” şəklində, müstəqil elementlərdən olan sərgi sistemi üçün konsepsiyanı, həmçinin dizayn mərkəzinin vizual kommunikasiya sistemini (loqotip, rəng sxemi, naviqasiya işarələri sisteminin məkan proqramında tətbiqi) əhatə edən təklifi müəyyənləşdirməlidirlər.
Tələbələr qrup şəklində işlədikləri ideyaları layihə formasında təqdim edirlər.
Xatırladaq ki, seminar İtaliyanın Milan Politexnik Universiteti ilə AzMİU arasında 2018-ci ildə imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan əməkdaşlıq çərçivəsində təşkil edilib. Mayın 13-də başlanan seminar mayın 17-dək davam edəcək.