SİYASƏT


Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Postsovet ölkələri ilə müqayisədə ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha yüksəkdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası rayonların simasını tamamilə dəyişib, yeni iş yerləri açılıb. Regionlarda illərdir ki, müasir abadlıq, quruculuq, əsaslı tikinti işlərinin həyata keçirilməsi, yeni müəssisələrin yaradılması əhalinin rifahının yaxşılaşdırılmasında böyük rol oynayır. Hazırda bu işlər işğaldan azad edilmiş ərazilərimizdə də uğurla həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, 30 ildən sonra azad edilmiş torpaqlarımıza səfərləri zamanı dövlətimizin başçısı düşmənin viran qoyduğu ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək bu yerlərdə hər cür şəraitin yaradılacağını bildirib. Son səfərində də Prezident İlham Əliyev bildirib ki, torpaqların bərpası prosesi artıq başlayıb. Dağıdılmış bütün kəndlər bərpa ediləcək. Dövlət başçımızın göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. 30 ilə yaxın işğal altında qalmış yurd yerlərində müasir infrastruktur layihələrin reallaşması üçün hazırlıq işlərinə başlanılıb. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Qarabağı cənnətə çevirəcəyik: “Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

“Bu gün işğaldan azad edilən ərazilərimizdə bir sıra zəruri tədbirlər həyat keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Ötən illər ərzində möhtərəm Prezidentimizin verdiyi bütün vədlərə sadiqliyinin şahidi olmuşuq. Dövlət başçısını 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Fərmanı həm Qarabağın dirçəldilməsində mühüm rol oynayacaq.

Buna qədər də dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndirilməsi ilə əlaqədar bir neçə sərəncam imzalayıb. Bu ilin əvvəlində möhtərəm Prezidentimiz işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması barədə Fərman imzalayıb. Bu Fondun yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, o cümlədən ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədi daşıyır”, - deyə Çingiz Qənizadə əlavə edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə möhtərəm Prezidentimizin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” 2021-ci il 19 yanvar tarixli Fərmanı bu sahədə atılmış daha bir qətiyyətli addım oldu. Hazırda işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Prezidentin göstərişi ilə azad edilmiş bütün torpaqlarda hazırda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Dövlətimizin başçısı vurğulayıb ki, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi çox vacibdir: “Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq”. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Həyata keçiriləcək işlər çərçivəsində Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq. Həmçinin “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq, tikinti-bərpa işləri regionun inkişafına yol açacaq, ölkəmizin əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.