İDMAN
Azər Həsənsoy: Uşu üzrə dünya çempionatında iştirak edən hər üç idmançımızın medal qazanmaq şansı var
Bakı, 22 oktyabr, AZƏRTAC
Şanxayda keçirilən uşu üzrə dünya çempionatında ölkəmizi təmsil edən idmançılar Avropa və dünya çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının mükafatçılarıdır. Onların hər birinin mundialda medal qazanmaq imkanı var.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy Çinin Şanxay şəhərində keçirilən müasir uşu üzrə 15-ci dünya çempionatında idmançılarımızın çıxışından danışarkən deyib.
Federasiya rəhbəri bildirib ki, iki ildən bir keçirilən çempionatda Azərbaycanı 3 idmançı təmsil edir. Sanda idman növü kontakt döyüş növü olduğuna görə, bəzən birinci yerə ümid edən idmançı zədələnərək yarışı tərk edir. Buna görə də bu yarışda əvvəlcədən proqnoz vermək çox çətindir. Ölkəmizi Şanxayda təmsil edən idmançılarımız öz gücləri və nailiyyətləri ilə dünyada tanınmış döyüşçülərdir.
A.Həsənsoy bildirib: “Püşkatmanın nəticələrinə baxdıqda onların hər birinin yarımfinala qədər irəliləmək potensialının olduğunu görə bilərik. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmovun isə çempion olmaq şansı daha böyükdür. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Dünya çempionatında Azərbaycanı Orxan Hətəmov (48 kq), Elçin Eminov (56 kq) və Ruslan Pirəliyev (65 kq) təmsil edirlər.