Azər Süleymanov: Fransanın Azərbaycana qarşı çıxardığı bədnam qətnamə bu ölkənin qərəzli olduğunu bir daha sübut edir
AzerTAg.az

Tbilisi, 16 noyabr, AZƏRTAC
Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə Gürcüstanda yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub.
Tanınmış ictimai-siyasi xadim, Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Fransa parlamentinin məlum qətnaməsi ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib: "Fransanın Azərbaycana qarşı çıxardığı bədnam qətnamə bu ölkənin qərəzli olduğunu bir daha sübut edir. Fransa hökuməti 30 ildir ki, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi, bir dəfə də olsun ədalətli bir mövqe ortaya qoymayıb. Çünki burada türk amili var. Onlar türk xalqını hər zaman özlərinə dost deyil düşmən olaraq görüblər".
Onun sözlərinə görə, Fransanın bu addımı iki ölkə arasında gedən sülh danışıqlarına ciddi kölgə salır. “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi tələbi", Ermənistan ilə Azərbaycan arasında məlum 9 noyabr razılaşmasının icrasına kölgə salır və gərginliyin yaranmasına təhrik edir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik münasibəti var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma DQR-in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir.
“Əgər Fransa tarixi həqiqətlərdən danışmaq istəyirsə, öncə özünün tarixdə törətdiyi qətliamlara nəzər salsın. Şimali Afrika üzərində imperialist maraqları nəticəsində - Əlcəzairdə, Burkino-Fasoda, Ruandada və digər yerlərdə milyonlarla insanı qətlə yetirib, bir o qədərinə də zülm edib. Bundan irəli gələrək Fransa, ilk növbədə, keçmiş cinayətlərinə, törətdiyi soyqırımlara görə, beynəlxalq ictimaiyyətdən və həmin xalqlardan üzr istəməlidir. Üzr istəmək ədalətli tərəfin ata biləcəyi yeganə addımdır. Bu isə Fransa hökuməti ilə uzlaşmır", - deyə Azər Süleymanov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var