CƏMİYYƏT
Azərbaycan Ankarada təşkil olunan ənənəvi beynəlxalq Ramazan şənliklərində təmsil olunub VİDEO
Ankara, 4 iyun, AZƏRTAC
Ankaranın Keçiörən rayonunda ənənəvi olaraq təşkil edilən beynəlxalq Ramazan şənlikləri çərçivəsində Azərbaycan Gecəsi keçirilib. Tədbirdə ölkəmizi Keçiörənlə qardaşlaşmış şəhər olan Sumqayıtın nümayəndə heyəti və sənətçilər təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərinin nümayəndə heyətinin üzvləri əvvəlcə Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Beynəlxalq Ramazan şənliklərinin keçirildiyi meydanda yaradılan Azərbaycan pavilyonunun ziyarətçiləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın hazırkı inkişafına həsr olunan kitab və jurnallar, həmçinin milli geyimlərimiz, mətbəximizin ləziz nümunələri ilə tanış olublar.
Gecənin açılışında çıxış edən Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digərləri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixi əhəmiyyətindən danışıblar.
Sonra gecə zəngin konsert proqramı ilə davam edib.
Sumqayıtdan gələn incəsənət ustalarının ifasında səslənən xalq və bəstəkar mahnılarımız tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycanın milli rəqsləri isə gecəni daha da rövnəqləndirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara