Azərbaycan-Çin əlaqələrinin gücləndirilməsi bu günün və gələcəyin tələbidir
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
Çin-Azərbaycan münasibətlərini tarixi baxımdan bir neçə mərhələyə bölmək olar. Əvvəla deyə bilərik ki, indiki “Bir kəmər, bir yol” layihəsinin qədim variantı olan “Böyük İpək Yolu” vaxtilə Orta və Ön Asiya ölkələrini iqtisadi baxımdan birləşdirən əsas ticarət yolu idi. Məhz tarixi ticarət marşrutları da Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçirdi. Odur ki, tarixən Azərbaycanın digər ölkələrin, həmçinin çinli tacirlərlə əlaqələri məhz bu yol üzərindən qurulurdu.
İkinci bir mərhələ olaraq biz, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Çin-Azərbaycan əlaqələrini qeyd edə bilərik. Ulu Öndər iki ölkə arasındakı əlaqələrin gələcəyinin inkişaf etdirilməsi üçün xüsusi imkanlar yaratdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər tərəfindən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi diqqət ayrıldı və bu istiqamətdə müəyyən işlər görüldü. Bu məqsədlə Çinə səfərlər edildi, sənədlər imzalandı və ölkələr arasında iqtisadi, siyasi, mədəni, elm və təhsil sahələrində əməkdaşlığa nail olundu. Nəticədə, hazırkı Azərbaycan-Çin əlaqələrinin daha da inkişafı üçün böyük potensial yarandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
“Nəzərə almalıyıq ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni layihənin əsasını qoydu. Bundan əlavə, Orta dəhlizin bir qolu Azərbaycandan keçməklə Avropaya istiqamətlənir. Bu da ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsinə təkan verir.
Digər tərəfdən Çin siyasi, iqtisadi, elmi, mədəni, hərbi sahələrdə qlobal aktorlardan biridir. Bu o deməkdir ki, yaranan ikiqütblülük vəziyyətində Azərbaycan Çinlə əlaqələrinə xüsusi diqqət yetirir”,-deyə S.Hümbətov bildirib.
Politoloq əlavə edib ki, Azərbaycan və Çin liderləri də iki ölkə arasındakı əlaqələrin yüksəlməsinə böyük əhəmiyyət verirlər. Belə ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı sənədlərin imzalanması mövcud münasibətləri daha da inkişaf etdirməyə yönəlib. Bundan əlavə, hazırda azərbaycanlı gənclər Çində təhsil alırlar. Çinin texnoloji imkanları geniş olduğu üçün digər xalqların və dövlətlərin beynəlxalq səviyyədə bu imkanlardan istifadəsinə şərait yaradılır.
O deyib: “Çin qədim dövlətçilik ənənələrinə malikdir. Çinlilər qədim zamanlarda avropalı missionerlərin hücumlarına, təzyiqlərinə məruz qalıb, müharibələr görüblər. Bu səbəbdən də yaxşı bilirlər ki, Qərb ölkələrinin müstəmləkə siyasəti nədən ibarətdir. Məsələyə bu kontekstdən baxdıqda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsində Çinin böyük rolu var. Eyni zamanda, qeyd edə bilərik ki, Azərbaycan-Çin əlaqələrinin gücləndirilməsi təkcə bu günün yox, həm də gələcəyin tələbidir”.
Xəbərin mətnində orfoqrafik səhv var