İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” Nəqliyyat, Tranzit və Logistika sərgisində xüsusi stendlə təmsil olunur

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-3-də Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xüsusi stendlə iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu beynəlxalq sərgidə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin kommersiya şirkətləri ilə yanaşı, nəqliyyat-logistika, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan strukturlar, beynəlxalq korporasiyalar öz xidmətlərini, yeni texnologiya və avadanlıqlarını təqdim edirlər.

ADY-nin stendində onun törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Ekspress” də təmsil olunurlar. Adıçəkilən tədbirdə dəmiryolçular iştirakçılara Azərbaycanın logistik imkanları barədə geniş məlumatlar verir, eləcə də bu istiqamətdə çap və audiovizual materiallar nümayiş edirlər.

Həmçinin tədbirdə iştirakçılara ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat veriləcək, eləcə də keçiriləcək çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olacaq.

“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.