CƏMİYYƏT
“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə “Azərbaycan Diaspor Könüllüləri” proqramının bir qrup iştirakçısının görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olub.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev və icmanın əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərəh Tuncay Şəms, o cümlədən Ermənistan tərəfindən ölkəmizin işğal altında saxlanılan rayonlarından olan bir qrup gənc iştirak edib.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev gənclərimizə Qarabağ problemi barədə məlumat verib. Bununla yanaşı, dağıdılmış tarixi abidələr, Qarabağ atları haqqında videoçarxlar nümayiş etdirilib və gənclərimizi maraqlandıran suallar cavablandırılıb.
Bəxtiyar Rəhimov Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikrinə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir.