ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetin prorektoru beynəlxalq vebinarda çıxış edib

Bakı, 12 fevral, AZƏRTAC

Türkiyə Respublikasının Dokuz Eylül Universitetinin təşkilatçılığı ilə “Liderlərin toplantısı: distant təhsil və COVID-19 pandemiyasının elm və ali təhsilə təsiri” adlı beynəlxalq vebinarda Azərbaycan Dillər Universitetin (ADU) tədris məsələləri üzrə prorektoru Sevinc Zeynalova məruzə edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, S.Zeynalova “COVID-19 pandemiyası və məsafədən təhsil müddətində xarici dillərin tədrisi - nə dəyişdi?” mövzusunda məruzədə xarici dillərin tədrisində məsafədən təhsilin digər sahələrdən daha öncə tətbiq edildiyini vurğulayıb. O, xarici dillərə olan kütləvi marağın və əcnəbi dillərin öyrənilməsinə dair elektron resursların zənginliyinin distant təhsilin tətbiq edilməsində başlıca səbəblərdən biri olduğunu deyib.

Prorektor ADU-da onlayn tədrisin təşkili, bu istiqamətdə əldə olunan təcrübə, uğurla keçirilmiş təlimlər və vebinarlar, eləcə də dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Həmçinin bildirib ki, təlimdə innovasiyalar və xarici dillərin tədrisi metodikası kafedralarının mövcudluğu bu işdə innovativ metodlarla çalışmağa, dəyişikliklərə çevik uyğunlaşmağa birbaşa kömək göstərir.

S.Zeynalova koronavirus pandemiyasının təhsil sahələrinə də təsir göstərərək distant təhsilin əhəmiyyətini bir daha ortaya qoyduğunu və bu formatın daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

“Universitetlər özləri üçün onlayn təhsil sistemlərini yaratmağın mümkün olmaması səbəbindən artıq mövcud platformalarla əməkdaşlığa başlayaraq bu boşluğu müvəqqəti doldurublar. Bütün təhsil ocaqları özlərinin müvafiq sistemlərini qurmaqla rəqəmsallaşmaya keçidi sürətləndirməyə dair işlər aparmalıdır. “Evdə qal, təhsildən qalma” şüarı ilə Azərbaycan Dillər Universitetinin xarici dil müəllimləri olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq”, - deyə prorektor çıxışını yekunlaşdırıb.

Sonra digər ali təhsil müəssisələrinin nümayəndələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.