ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi yaradılır
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) yaxın vaxtlarda Macar Dili və Mədəniyyəti Mərkəzi açılacaq.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bunu rektor, akademik Kamal Abdulla universitetdə yeni yaradılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinə baxış keçirilərkən söyləyib.
Akademik mərkəzin universitetdə ən tanınmış və ən çox istifadə edilən mərkəzə çevriləcəyinə ümidvar olduğunu söyləyib. K.Abdulla Macarıstan universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması arzusunda olduğunu bildirib.
Rektor mərkəzdə macar müəllimin də çalışacağını diqqətə çatdırıb: “Biz əlimizdən gələni edəcəyik ki, tələbələr macar dili, mədəniyyəti, tarixi haqqında biliklərə davamlı yiyələnsinlər. İki ölkə arasında siyasi, mədəni münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, mən və həmkarlarım kiçik Macarıstan guşəsinin böyük siyasətin layiqli komponentinə çevrilməsi üçün çalışacağıq”.
Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ADU-da mərkəzin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib. Səfir mərkəzin yaradılmasının macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin edilməsi və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıdığını deyib.
Diplomat mərkəzin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Mərkəzə baxışdan sonra Budapeşt Universitetinin əməkdaşı Anna Gacsın “Nobel mükafatlı macar yazıçı İmre Kertes və romanları” mövzusunda çıxış edib.
Daha sonra İmre Kertesin avtobioqrafik romanı əsasında çəkilmiş “Bəxtsiz” filmi nümayiş olunub.