ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Hind ədəbi-fəlsəfi düşüncəsi və sanskrit” mövzusunda dəyirmi masa keçirilib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla universitetdə yenicə fəaliyyət göstərməyə başlayan Qədim dillər elmi-tədqiqat laboratoriyasının ilk tədbirini keçirdiyini diqqətə çatdırıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Qədim dillər elmi-tədqiqat laboratoriyasının yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssislər üçün gərəkli və vacib elm mərkəzinə çevriləcəyinə inandığını deyib. Bu münasibətlə hər kəsi təbrik edən akademik mərkəzin qədim yunan, latın və sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində artıq fəaliyyətə başladığını bildirib. Rektor deyib: “Azərbaycanda ilk dəfə Dillər Universitetində ciddi və peşəkar mərkəz yarandı. Ümid edirəm ki, ADU-dan kənarda da bu mərkəzin fəaliyyəti diqqət mərkəzində olacaq. Əsas bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq”.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova “Sosiolinqvistik kontekstdə sanskrit”, Hindi dili və mədəniyyəti mərkəzinin müəllimi Roopali Sinha “Sanskrit dili və vedalar haqqında qısa məlumat”, Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev “Qədim hind ədəbiyyatı və sanskrit”, Ölkə ədəbiyyatı kafedrasının müəllimi Həmidə Əliyeva “Epik sanskrit”, Bakı Dövlət Universitetinin müəllimi, dosent Samirə Orucova “Qədim hind poetik-estetik fikri və sanskrit” mövzularında təqdimatla çıxış ediblər.
Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova mərkəzin fəaliyyət istiqamətlərindən danışıb.
Tədbir müzakirələrlə yekunlaşıb.