ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbələri İtaliyada təcrübə keçirlər
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsində italyan dili ixtisası üzrə təhsil alan iki tələbə-Nailə Məmmədova və Abbas Nəcəfov hazırda Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutunda (MİT) təcrübə keçirlər.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tələbələr bu ali təhsil müəssisəsində əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək üçün İtaliyaya göndərilmişlər. Tələbələr cari ilin fevralından may ayınadək MTİ-də tərcüməçilik sahəsində təcrübə toplayacaq, tərcümə işinin dərinliklərini, metodikasını, yeni üsullarını mənimsəyəcəklər.
Tələbələr artıq MTİ-də dərslərə başlamışlar. İnstitutun rəsmi internet saytında azərbaycanlı gənclər haqqında məlumatlar yerləşdirilmişdir.
Xatırladaq ki, MTİ tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl təhsil müəssisəsidir. Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən bir sıra layihələrdə ADU bu institutla tərəfdaş olmuşdur.