REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri Masallıdan olan məzunlarla görüşüblər
Masallı, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində bu ali təhsil müəssisəsinin müəllim və tələbələri Masallı rayonunun ümumtəhsil məktəblərinin məzunları ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında film nümayiş olunub.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda aqrar sahədə qazanılan uğurlardan danışaraq deyib: “Hərtərəfli biliyə və təcrübəyə malik kadrlara ehtiyacımız var və bu baxımdan ADAU-dan gözləntilərimiz çoxdur”.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən danışaraq kənd təsərrüfatının ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil etdiyini bildirib. O, aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yeri olduğunu vurğulayaraq deyib ki, bu gün ADAU Prezident İlham Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin qayğısı sayəsində mükəmməl bir universitetə çevrilib.
ADAU-nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayev təhsil müəssisəsinin uğurlarından, maddi-texniki bazasının yenilənməsindən söz açıb. Bildirib ki, universitet tələbələri təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir.
Telman Musayev abituriyentlərə ali təhsil müəssisəsinə qəbul qaydaları haqqında ətraflı məlumat verib.
Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının dosenti Vüsal Orucov, ekologiya fakültəsinin tələbəsi Gülanə Nəzərli, aqronomluq fakültəsinin birinci kurs tələbəsi, əslən Masallıdan olan, şəhər 2 nömrəli məktəbin məzunu Anar Niftiyev dünya standartlarına cavab verən ali təhsil ocağında yaradılan şəraitdən danışıblar.
Sonda məzunları maraqlandıran suallar cavablandırılıb.