ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Sibir Federal Universitetinin onlayn konfransında çıxış edib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UniLab” layihəsi çərçivəsində Sibir Federal Universitetinin təşkil etdiyi onlayn konfransda təmsil olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, "İstehsalat təcrübəsi: inkişaf vektorları və qarşılıqlı təsir mexanizmləri” adlı onlayn qrup müzakirəsində Rusiya universitetlərinin təcrübə və karyera imkanlarından danışılıb, həmçinin tələbələrin praktik vərdişlərini təkmilləşdirmək üçün təkliflər müzakirə edilib. Konfransda, həmçinin tələbələrin ilkin istehsalat təcrübəsinə cəlb olunmasının və bu istiqamətdə vərdişlərin təkmilləşdirilməsinin vacibliyi qeyd edilib, “Karyera mərkəzləri”nin fəaliyyəti, eyni zamanda, məzunların işlə təmin olunmasına dəstək üçün iş mexanizmləri müzakirə olunaraq, təkliflər irəli sürülüb və mövcud problemlərin həlli yönündə qarşılıqlı iş aparılmasının əhəmiyyətindən danışılıb.
ADNSU-nun İstehsalat təcrübəsi bölməsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Şahin Göyüşov istehsalat təcrübəsi sahəsində görülən işlərdən və karyera mərkəzinin fəaliyyətindən danışaraq, müzakirə olunan məsələlərin vacibliyinə toxunub.
Konfransda ADNSU-nun tələbələri Qəmər Süleymanova, Elsun Əzizov və Rəna Bayramova müzakirələrdə fəal iştirak edərək bu sahədə öz təkliflərini irəli sürüblər.
Qeyd edək ki, ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab” layihəsinə yanvarın 1-dən qoşulub. Layihənin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.