SİYASƏT
Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti həmvətənlərimizi öz ətrafına toplayır
Helsinki, 2 yanvar, AZƏRTAC
Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Finlandiyanın ictimai-siyasi xadimləri, ölkədə fəaliyyət göstərən digər diasporların təmsilçiləri iştirak ediblər.
Bayram gecəsinin əvvəlində 6 yaşlı Leyla Nəzərovanın ifasında Azərbaycanın Dövlət himni səslənib.
Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova həmvətənlərimizi təbrik edərək qurumun geniş fəaliyyətindən söz açıb. Bildirib ki, qarşıda duran əsas vəzifə Finlandiyada Azərbaycan mədəniyyətinin təbliğ etmək, xalqımızın adət-ənənələrini qoruyub saxlamaq, soydaşlarımızı öz ətrafında sıx birləşdirməkdir. O deyib: “Biz Finlandiyanın ictimai-siyasi və mədəni həyatında həmvətənlərimizin fəal iştirakını təmin etmək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün səylərimizi əsirgəməyəcəyik”.
T.Nəzərova Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb, dövlətimizin başçısının dünya azərbaycanlılarına müraciətini oxuyub.
Kokkola şəhərinin vətəndaşı, konservatoriyanın skripka sinfi üzrə professoru Cahangir Ələkbərov çıxışında bildirib ki, hər bir azərbaycanlı ilk növbədə yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməli, onun inkişafına dəyərli töhfə verməlidir. Məhz belə insanların daxil olduğu diaspor təşkilatları həmvətənlərimizi sıx birləşdirməyə, xalqımızı layiqincə təmsil etməyə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə böyük səmərə ilə xidmət etməyə qadirdirlər.
Bayram gecəsində Azərbaycan musiqisi səslənib, milli rəqslər ifa olunub. Uşaqlar Azərbaycan dilində şeirlər oxuyublar.
Nigat Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki