ELM VƏ TƏHSİL
Azərbaycan IV Asiya coğrafiya konfransında təmsil olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Çin Xalq Respublikasında elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, M.Həsənov Çin Coğrafiya Cəmiyyətinin və Sun Yat-sen Universiteti Coğrafiya və Planlaşdırma Məktəbinin təşkilatçılığı ilə 22 Asiya ölkəsinin iştirak etdiyi “Asiyanın inkişafı və bizim coğrafiyamız” mövzusunda keçirilən 4-cü Asiya coğrafiya konfransında (AGC-2018) ölkəmizi təmsil edib.
“Azərbaycan, AMEA-nın Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti” adlı məruzə ilə çıxış edən təmsilçimiz Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində respublikamızın yeri, ölkəmizin təbii ehtiyatları, iqlim şəraiti və iqlim dəyişmələri, landşaftı, eləcə də son illər ərzində institut əməkdaşları tərəfindən tərtib edilərək çap olunmuş xəritə, atlas və kitablar haqqında məlumat verib. O, həmçinin ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz, orada törədilən vəhşiliklər - yanğınlar, meşələrin qırılması, ekoloji şəraitə vurulan ziyanlar və s. kimi məsələlərə də toxunub.
Sonda tədbir iştirakçıları Asiya Coğrafiya Cəmiyyətləri Assosiasiyasının yaradılması haqqında memorandum imzalayıblar.
Konfransın işində Yaponiyanın Xokkaydo Universitetinin professoru, Beynəlxalq Coğrafiya İttifaqının Prezidenti Yukio Himiyama da iştirak edib.