ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə diskussiyaları davam edir
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda növbəti diskussiya keçirib.
Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Əliheydər Zülfüqarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov, institutun müəllimləri İlkin Əlimuradov, Asəf Qənbərov, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.
Əsrlər boyunca müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verildiyi, Ulu Öndərin multikultural və tolerant dəyərlərə verdiyi əhəmiyyətin onun layiqli varisi tərəfindən də davam etdirildiyi vurğulanıb. Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyi onun 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsində özünü əyani şəkildə göstərir. Qeyd edilib ki, istər ölkəmizdə, istərsə də xaricdə keçirilmiş çoxlu sayda konfranslar və digər tədbirlər sayəsində Azərbaycanın multikultural modelini dünya ictimaiyyəti rəğbətlə qarşılayıb. Bu baxımdan ölkəmizdə multikulturalizmin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirən diskussiya iştirakçıları Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə müqəddəs dini məkanların bərpasına mühüm töhfə verdiyini söyləyiblər.
Diskussiyada digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərilməsi Azərbaycanda multikulturalizm siyasətinin tarixi köklərə malik olması və multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olması ilə əlaqələndirilib. Qeyd olunub ki, Ulu Öndər multikultural və tolerant dəyərlərimizi dövlət siyasətinə çevirdi və bu siyasət hazırda da davam etdirilir. Azərbaycan multikulturalizminin prioritet istiqamətinin təhsil üzərində qurulduğunu qeyd edən diskussiya iştirakçıları ölkəmizdə və dünyanın bir çox universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyini diqqətə çatdırıblar.
Sonda bildirilib ki, dövlətimizin multikulturalizm siyasətinin əyani göstəricilərindən biri də Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. 2018-2019-cu tədris ilinə tam hazır olan institutun təhsil standartlarına İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlərin daxil edildiyi, institutda multikulturalizm fənninin də tədris ediləcəyi barədə məlumat verilib.