İQTİSADİYYAT


“Azərbaycan İnnovasiya Mükafatı”nın qalibləri məlum olub

“Azərbaycan İnnovasiya Mükafatı”nın qalibləri məlum olub

Bakı, 29 dekabr, AZƏRTAC

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı”nın qalibləri “Xəzər” TV-nin efirində yayımlanan xüsusi buraxılışda elan olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən il 5 nominasiya üzrə müəyyən edilən qaliblər bu dəfə ümumilikdə 7 nominasiya üzrə müəyyən edilib.

“İlin startapı” nominasiyasında onlayn satış platformaları üçün həll təqdim edən “NextSale” startapı Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən elan olunub. “İlin influenseri” nominasiyasında texnologiya sahəsi üzrə tanınan bloger Tariyel Ağazadə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən təltif edilib. “İlin innovasiya tədbiri” nominasiyasında koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən virtual hackathon “HackCov19” İnnovasiya Mükafatı Təşkilat Komitəsinin sədri İmran Bağırov tərəfindən açıqlanıb. “İlin innovasiya layihəsi” nominasiyasında “ƏDV geri al” layihəsi “Innoland” İnkubasiya və akselerasiya mərkəzinin direktoru Məmməd Kərim tərəfindən elan olunub. “İlin innovasiya ekosistem təmsilçisi” “SUP.vc” Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən mükafatlandırılıb. “COVID-19 üzrə aparıcı həll təqdimatçısı” nominasiyasında süni tənəffüs aparatı hazırlayan “SUMAKS” startapı təltif edilib. Jürinin sərbəst seçimi ilə müəyyən olunan “İlin innovasiya ekosistem dəstəkçisi” nominasiyasında “Paşa Holdinq” qalib olub.

Qeyd edək ki, sayca 2-ci dəfə keçirilən “Azərbaycan İnnovasiya Mükafatı” 2019-cu ildə təsis olunub. “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə yaradılan mükafatlandırma proqramıdır.

“Azərbaycan İnnovasiya Mükafatı” ictimai əsaslı mükafatdır və təşkilat komitəsi ölkədə texnologiya və innovasiyanın icrası strategiyasının öhdəliyini daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təyin olunur. Təşkilat komitəsinin öhdəliyinə jüri iştirakçılarının seçilməsi ilə prosesin şəffaf və maraqlar toqquşması olmadan idarə edilməsi aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.