CƏMİYYƏT


Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib

Bakı, 5 dekabr, Elmir Səftərov, AZƏRTAC

Beynəlxalq Könüllülər Günü münasibətilə dekabrın 5-də Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.

Könüllülər tədbirdən əvvəl Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.

Sonra Şəhidlər xiyabanını ziyarət edən könüllülər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə açılıb. İyirmi təşkilatın fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub. Sərginin keçirildiyi məkanda könüllülər üçün əyləncəli və intellektual oyunlar, həmçinin onların təşəbbüsü ilə kiçik fləşmoblar təşkil olunub.

Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, Qarabağ müharibələri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ötən ay birinci ildönümünü qeyd etdiyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədə könüllülər və ümumilikdə gənclərin mühüm rol oynadığı, onların ön cəbhədə döyüşməklə yanaşı, informasiya savaşında da düşmən yalanlarının ifşa edilməsində və arxa cəbhədə müharibədən zərərçəkənlərə qayğı göstərilməsində fəal iştirak etdikləri vurğulanıb.

Tədbirdə 20-dən çox könüllü təşkilatını və hərəkatını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyəti barədə hesabat təqdim edilib. Qeyd olunub ki, 2021-ci ildə AKTİ çərçivəsində ümumilikdə 300-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 64 şəhər və rayonunu əhatə edib.

Həmçinin müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş olunub.

Forum münasibətilə Azərbaycan könüllülərini təbrik edən BMT-nin Könüllülər Təşkilatının icraçı koordinatoru Toyli Kurbanov bu fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov könüllülərin il ərzində fəaliyyəti və onlara dövlət dəstəyi mexanizmlərindən danışıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi olduğu vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının bununla bağlı tövsiyəsi əsasında əksər dövlət qurumları yanında könüllü hərəkatları yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan edilib. Son 3 ildə ölkəmizdəki könüllü təşkilatlarının sayı və əhatə dairəsi dəfələrlə artıb, bu proses davam edir.

Sonra il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib və könüllülərin ümummilli lider Heydər Əliyevin irsi ilə tanışlığı məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.