CƏMİYYƏT


Azərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər Fondunun dəstəyi və Medianın İnkişafı Agentliyinin media tərəfdaşlığı ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə keçirilən Azərbaycan Könüllülərinin İnkişaf Proqramının açılış mərasimi keçirilib.

AZƏRTAC-a Azərbaycan Könüllü Təşkilatları İttifaqından bildirilib ki, bir sıra rəsmilərin, media nümayəndələrinin, eləcə də ittifaqa üzv təşkilatları təmsil edən könüllülərin iştirakı ilə baş tutan tədbirdə ölkəmizdə ilk dəfə keçiriləcək proqram haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İttifaqın sədri Yusif Vəliyev çıxış edərək qeyd edib ki, 3 ay müddətində davam edəcək proqram çərçivəsində könüllülərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların asudə vaxtının faydalı təşkili, öz ixtisaslarından əlavə müxtəlif peşə sahələri və istiqamətlər haqqında yeni biliklərə yiyələnməsi, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Bildirilib ki, proqram “Psixoloji hazırlıq”, “Fərdi inkişaf”, “Karyera planlaması”, “Layihələrin idarə olunması”, “Kargüzarlıq”, “Emosianal zəka”, “PR və SMM”, “Könüllülük” və bu kimi mövzuları əhatə edəcək təlim və təcrübə modullarından ibarət olacaq. Bundan əlavə, könüllülər ittifaqın həyata keçirdiyi layihələrin idarə olunmasında birbaşa iştirak etmək imkanı əldə edəcəklər. Modulları uğurla başa vurub praktiki sessiyalarda yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək.

Proqramda qeydiyyat, imtahan, videomüraciət və müsahibə daxil olmaqla dörd mərhələli seçim prosesindən uğurla keçmiş, müxtəlif təşkilatları təmsil edən 21-26 yaşlı, ən azı bir illik könüllülük təcrübəsinə sahib olan, motivasiyalı və bacarıqlı 30 Azərbaycan könüllüsünün iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.