SİYASƏT
Azərbaycan-Laos parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laosa rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədr müavini Bouttanavong Bounpone ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bouttanavong Bounpone Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini deyən Elmar Məmmədyarov 2017-ci il 18-20 iyun tarixlərində laoslu həmkarının Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladıb, Laosa ilk rəsmi səfərindən məmnunluq hissi keçirdiyini bildirib.
Nazir Elmar Məmmədyarov parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edib, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviq edilməsinə diqqəti çəkib.
Görüşdə tərəflər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, 2000-dən çox laoslu Azərbaycanda təhsil alıb və onlar müxtəlif sahələrdə Laosun inkişafında yaxından iştirak edirlər.
Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlar barədə danışıb.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.