ORDU
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilir VİDEO
Bakı, 17 may, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, o cümlədən Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıb, ordu sıralarında şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində saxlanıldığını qeyd ediblər.
Qoşun növləri və birləşmələri təmsil edən 10 komanda üzrə 56 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparacaq. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayacaqlar.
Qeyd edək ki, birincilik mayın 20-dək davam edəcək.