İDMAN
Azərbaycan Premyer Liqası: “Keşlə” “Qəbələ”ni məğlub edib
Bakı, 7 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Keşlə" öz meydanında “Qəbələ”ni qəbul edib. “ASK Arena” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 13-cü dəqiqədə açılıb. “Qəbələ”nin oyunçusu Nikolas Rajsel fərqlənib. Görüşün 41-ci dəqiqəsində “Keşlə” hesaba tarazlıq gətirib. Sezar Meza Koli adını tabloya yazdırıb.
Oyunun 74-cü dəqiqəsində “Keşlə” hesabda önə keçib. Asif Məmmədov avtoqola imza atıb.
Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə “Keşlə”nin oyunçusu Silvio qoyub.
Beləliklə, “Keşlə” qələbə qazanaraq turnir cədvəlində 5-ci yerini qoruyub saxlayıb. “Qəbələ” isə 8 xalla 6-cı yerdə qərarlaşıb.
Komandalar indiyədək çempionatda 48 dəfə üz-üzə gəliblər. Bunların 13-də “qırmızı-qaralar”, 17-də isə meydan sahibləri qələbə qazanıb. 18 görüş heç-heçə bitib. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 62:47.
Günün digər matçında “Sumqayıt” klubu “Səbail” komandasının qonağı olacaq. Hazırda “Gənclik şəhəri”nin təmsilçisi 15 xalla liderdir. Bir oyun az keçirən “Səbail” isə 6 xalla 7-cidir. Komandalar bundan əvvəl Premyer Liqada 10 dəfə qarşılaşıblar. 4 oyunda paytaxt klubu, 5-də isə Sumqayıt təmsilçisi 3 xal qazanıb, 2 qarşılaşmada qalib müəyyənləşməyib.