SİYASƏT


Azərbaycan Prezidenti “Haber Türk” telekanalına müsahibəsində Dağlıq Qarabağın sülhdən sonrakı modelindən danışıb VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC 

Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində davam edir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində aparıcının “Qarabağ işğaldan azad edildikdən sonra Sizin necə bir modeliniz var” sualına cavabında deyib.

“Artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dağlıq Qarabağda indi səfalət hökm sürdüyünü qeyd edən Azərbaycan Prezidenti deyib: “Biz oraya sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.