SİYASƏT
Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı tarixi qərardır VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamı tarixi qərardır. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə cəmiyyətin yüksək əhvali-ruhiyyəsini, ovqatını bütün dünyaya çatdırırıq, beynəlxalq təşkilatlara, torpaqlarımızı işğal altında saxlayan Ermənistana mesajımızı vermiş oluruq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov deyib ki, dövlətimizin başçısının Sərəncamı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirilən çox əhəmiyyətli addımlardan biridir. Bu, böyük hadisələrin başlanğıcıdır. Azərbaycan Prezidenti bununla işğal atında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə nümayiş etdirdi. Bütün cəmiyyətimizin əhvali-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytaracaq, bu torpaqlar bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq.
Baş nazirin müavini qeyd edib ki, Cocuq Mərcanlıda görüləcək işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək. “Amma hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə beynəlxalq təşkilatlar, iqtisadi qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaqlar. Lakin bu, gələcəyin işidir”, - deyə Baş nazirin müavini qeyd edib.