CƏMİYYƏT
Azərbaycan QHT-ləri Rusiyanın media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət ediblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan QHT-ləri Rusiyanın media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət ediblər. AZƏRTAC müraciəti təqdim edir:
Biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və terror siyasəti fonunda Rusiya Federasiyasının mediasında müşahidə olunan anti-Azərbaycan təbliğatı ilə əlaqədar sizə dərin narahatlıq və etirazla müraciət edirik.
Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və digər şəhər və kəndlər də daxil olmaqla münaqişə zonasından bir neçə yüz kilometr məsafədə yerləşən və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə tutmaq da daxil olmaqla, Azərbaycan Respublikasına qarşı yeni hərbi təcavüzə və təxribata başladı, bu birbaşa beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
12 oktyabr 2020-ci il tarixinə olan məlumata görə 41 azərbaycanlı mülki şəxs Ermənistan tərəfindən qətlə yetirilmiş, 207 nəfər isə yaralanmışdır, 1200-dən çox yaşayış binası və mülki obyekt Ermənistan tərəfindən məhv edilmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 9 oktyabr 2020-ci ildə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üçtərəfli görüş keçirilib.
Görüş çərçivəsində 4 bənddən ibarət razılıq əldə olunub:
1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.
Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 4 qadın da daxil olmaqla 9 mülki şəxs həlak olub, 16 qadın və 6 uşaq da daxil olmaqla 34 nəfər yaralanıb.
Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlı deyil və əvvəlki 28 ildə olduğu kimi, əldə olunmuş razılaşmalara və imzalanan sənədlərə heç vaxt əməl etməyib.
Bizə məlumdur ki, rus KİV-ləri yayımlanan verilişləri və müvafiq kontenti hazırlayarkən qonşu ölkələrdə baş verən hadisələrin işıqlandırılmasına xüsusi diqqət yetirir və yuxarıda qeyd etdiyimiz hadisələr də istisna deyil.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş televiziya verilişlərinin iştirakçıları müəyyən edilən zaman balans qorunmur, əsassız erməni mövqeyinin geniş işıqlandırılması və Azərbaycanın ədalətli mövqeyini müdafiə edən jurnalistlərə qarşı ictimai kampaniyaların təşkili real faktların təhrif olunmasına, münaqişənin və hazırda baş verən hadisələrin birtərəfli və qərəzli işıqlandırılmasına səbəb olur.
Yuxarıda deyilənləri nəzərə alaraq biz hesab edirik ki, Rusiya media məkanında münaqişə ilə bağlı hadisələri işıqlandırarkən, Rusiya ictimaiyyətini çaşdıran, anti-Azərbaycan hisslərinin kəskin artmasına səbəb olan və Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı dost münasibətinə mənfi təsir göstərən erməni təbliğatına daha çox yer ayrılır.
Bu cür vəziyyət Rusiya ilə Azərbaycan arasında çoxəsrlik dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir və bu, eyni zamanda, Azərbaycanın çoxmilyonlu rusdilli auditoriyasının dərin məyusluğuna səbəb olur.
Yuxarıda göstərilən faktları nəzərə alaraq biz, Azərbaycan QHT-ləri, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının media strukturlarını, televiziya və radio kanallarını, habelə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandıran verilişlərin müəlliflərini və aparıcılarını məlumatların və səsləndirilən ekspert rəylərinin balansını təmin etmək üçün lazımi tədbirləri görməyə çağırırıq.
Biz, Azərbaycan QHT-ləri ümid edirik ki, Rusiya KİV-lərinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji əməkdaşlığa və qarşılıqlı etimada mənfi təsir göstərən ermənipərəst təbliğatı bundan sonra yaymaqdan çəkinəcək və verilişlərdə hər iki tərəfin mövqeyinə bərabər və ədalətli şəkildə şərait yaradılacaqdır.
Müraciət 71 QHT tərəfindən imzalanıb.