SİYASƏT
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Qətər münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Qətər Dövləti Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taniyə verilmiş “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı Dövlət nazirinə təqdim olunub.
Nazir təltifə görə Azərbaycan Xarici İşlər Nazirliyinə minnətdarlığını ifadə edib.