İQTİSADİYYAT
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 23-cü görüşü dekabrın 7-9-da Rusiyanın Pyatiqosk şəhərində keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.