İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyası Malayziya ilə əlaqələrini genişləndirir
Kuala Lunpur, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Malayziya Beynəlxalq Ticarət və Sənaye Palatası (MICCI) arasında virtual görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə ASK nümayəndələrinə bu təşkilatın prezidenti Məmməd Musayev, MICCI təmsilçilərinə isə qurumun icraçı direktoru Şaun Çeh rəhbərlik edib.
Tədbir iştirakçılarını salamlayan ASK rəhbəri M.Musayev Azərbaycan və Malayziya arasında yüksək səviyyədə davam edən ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edərək, iki ölkənin iqtisadi-ticari əməkdaşlıq sahəsində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. ASK-nın fəaliyyəti barədə məlumat verib, təşkilatın Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, Azərbaycanın ən böyük sahibkarlıq təşkilatı olan ASK bu gün 6 min müəssisəni, o cümlədən 70-ə yaxın iqtisadi və sosial assosiasiya və ittifaqı özündə birləşdirir. Həmçinin ASK sahibkarların iqtisadi və hüquqi maraqlarının qorunmasında ölkə üzrə ən böyük publik şəxs kimi fəaliyyət göstərir.
M.Musayev 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işlərindən bəhs edib, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, xarici sərmayədarlar üçün yaradılmış əlverişli biznes mühitindən danışıb. O, dost Malayziyadan təcrübəli şirkət və investorların bu layihələrdə iştirakının arzu edilən olduğunu nəzərə çatdırıb. Bu sahədə ASK-nın malayziyalı qurum və şəxslərə lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.
MICCI-nin icraçı direktoru Ş.Çeh öz növbəsində belə bir görüşün təşkilindən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanda mövcud olan sabit iqtisadi mühitin malayziyalı investorlar üçün kifayət qədər cəlbedici olduğunu bildirib. Ş.Çeh MICCI-nin institusional təcrübəsinin 1837-ci ildən başladığını, 1974-cü ildə isə təşkilatın bugünkü strukturda yeni mərhələyə keçdiyini nəzərə çatdırıb. O, MICCI-nin Malayziya daxilindəki uğurları ilə yanaşı, geniş beynəlxalq təcrübəyə malik olduğunu, bu istiqamətdə 30 ölkədən 900 üzvü ilə geniş beynəlxalq şəbəkə yaratdığını bildirib.
Ş.Çeh bu görüşün gələcək əməkdaşlıq üçün vacib stimul olduğunu, belə təmasın konkret əməli işə keçmək üçün əhəmiyyətli rol oynadığını vurğulayıb.
Sonra ASK baş katibinin müavini Fuad Hümbətov, baş məsləhətçi və müşavir Şəbnəm Nuriyeva, eləcə də MICCI-nin su təsərrüfatı və infrastruktur biznesi üzrə nümayəndəsi Lim Çonq Linq çıxış edərək qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər ASK və MICCI arasında əməkdaşlıq yaxın aylarda anlaşma memorandumu imzalanması barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur