İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası olub
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin onlayn videokonfrans formatında hesabat iclası keçirilib. İclasda ASK-ın cari ilin birinci yarısında gördüyü işlərə dair hesabat dinlənilib, eyni zamanda, sahibkarları narahat edən məsələlər müzakirə edilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd edib. M.Musayev, eyni zamanda, pandemiya dövründə hökumət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb.
Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-ın fəaliyyətinin davam etdiyini bildirib və bu ilin birinci yarısında ASK-a qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat verib.
Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat verib.
Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə edib.
“Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdulbari Gözəl Prezident İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiyini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirib. A.Gözəl, həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerli istehsalın artırılmasının vacibliyini vurğulayıb.
ASK-ın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirib. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunub.
Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat verib.
Sahibkarlar ölkə Prezidenti İlham Əliyevin siyasətini daim dəstəklədiklərini qeyd edərək sahibkarlara dövlət yardımlarına görə təşəkkürlərini bildiriblər. Eyni zamanda, biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş ediblər.
Videokonfransın sonunda ASK-ın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara alıb.