ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinin tələbələri dövlət qulluğuna qəbulla bağlı məlumatlandırılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Dövlət İmtahan Mərkəzinin (DİM) dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin prorektoru, professor İsa Xəlilov Bilik Fondu ilə birgə həyata keçirilən layihələrdən və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb. AzTU-nun məzunlarının maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə bu gün uğurla çalışdığını vurğulayan prorektor gənclərin dövlət qulluğuna böyük maraq göstərdiklərini xüsusi qeyd edib.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova təmsil olunduğu qurumun fəaliyyətindən bəhs edib, gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuracaq gənclərin iş həyatına başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları onların gələcəkdə uğurlu karyera qurmalarına yardım edəcək. Sektor müdiri gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün aztəminatlı ailələrdən olan yuxarı kurs tələbələri üçün ödənişsiz hazırlıq kurslarının açılacağını bildirib.
DİM-in əməkdaşı Əlişirin Şükürov isə dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtlərindən və keçirilmə qaydalarından danışıb. Mərkəzin rəsmisi tələbələrə dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.