CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində ən son nəsil robotlar təqdim olunub

Bakı, 10 oktyabr, AZƏRTAC 

Oktyabrın 10-da Azərbaycan Tibb Universitetində ölkəmizdə ilk dəfə olaraq robot mulyajları –“ADAM X HPS” robot simulyatoru və “SMART MOM” avtomatik doğuş simulyatorunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli deyib: “Tibb tədrisinin effektiv olmasında praktiki biliklərin aşılanması mühüm rol oynayır. Bu baxımdan tələbələr üçün simulyasiyon təhsil avadanlıqlarının tətbiqi əhəmiyyətlidir. Təqdim edilən robot simulyatorları da ən son nəsil avadanlıqlara aiddir. Robot simulyatorları yüzlərlə xəstəliyin düzgün müalicəsini tələbələrə öyrətmək üçün səmərəli vasitədir”.

Sonra iki cür mulyaj – “ADAM X” – robot simulyatoru və “SMART MOM” doğuş simulyatoru nümayiş etdirilib. Təqdimat mərasimini universitetin tədris treninq şöbəsinin rəhbəri dosent Elmar Şərifov və Tədris Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov aparıblar.

Qeyd edilib ki, “SMART MOM” doğuş simulyatoru ABŞ-ın “Simulaids” şirkətinin məhsuludur. Həmin robot reallığa yaxınlaşdırılmış son nəsil cihazlara aiddir. “SMART MOM” simsiz rabitə əsasında fəaliyyət göstərir. Həm “ananın”, həm də “dölün” fizioloji parametrlərini monitora yönləndirir. Həmin robotdan ürək-damar sisteminin göstəricilərindən “ananın” arterial təzyiqini, nəbzini, ürək tonları, müxtəlif ürək patologiyalarını əks etdirən çoxsaylı elektrokardioqrama klinik ssenarilərin yaradılmasında istifadə olunur. Qeyd edilən göstəricilər əllə idarə oluna və klinik ssenarilərə uyğunlaşdırıla bilir.

Digər robot – “ADAM X” mulyajı Danimarkanın “MEDICAL-X” şirkəti tərəfindən istehsal olunub. Bu, reallıq göstəricilərinə görə son 5-ci nəsil insan simulyatorudur. Həmin avadanlıq real xəstənin fiziologiyasını özündə tam əks etdirir. Simsiz fəaliyyət göstərən bu robot insanın real sümük-əzələ strukturuna uyğun hazırlanıb və insanın xarici görünüşünü maksimum əks etdirir. “ADAM X” robotu ürək-damar, tənəffüs sistemlərinin demək olar bütün fizioloji və patoloji parametrlərini özündə əks etdirməyə qadirdir. Həyat göstəricilərinin dəyişdirilməsi və klinik ssenarilərə uyğunlaşdırılması mexaniki olaraq həyata keçirilir.

Təqdimat mərasimində universitetin anesteziologiya və reanimasiya kafedrasının müdiri İsfəndiyar İsmayılov, I mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva, ümumi cərrahlıq kafedrasını müdiri Elçin Ağayev və digərləri çıxış edərək robot mulyajların tədris prosesində tətbiqinin üstünlüklərindən danışıblar. Qeyd olunub ki, həmin robotların tədris prosesində tətbiqi tələbə və rezidentlərin yüzlərlə xəstəlik haqqında ətraflı və canlı şəkildə məlumat alması, xəstəyə təxirəsalınmaz yardım göstərilməsi, düzgün müalicə və müdaxilə metodunun seçilməsi və digər məsələlərdə mühüm rol oynayacaq.

Qeyd edək ki, canlı insana çox bənzəyən robotların dərisi də insan dərisinə uyğunlaşdırılıb. Bu mulyajlar ağrı zamanı qışqırıb inildəyə bilir, gözlərini qırpır və digər əməliyyatlar yerinə yetirir. Mərasimdə, həmçinin “SMART MOM” robotunda doğuş prosesi, “ADAM X” robotunun tənəffüsündə yaşanan problemlərlə bağlı bəzi patologiyalar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.