MƏDƏNİYYƏT
Azərbaycan Turizm və Menecment Universiteti və “Azeri Retail” MMC arasında müqavilə imzalanıb
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında istehsalat təcrübəsi proqramının icrasına dair müqavilə imzalanıb.
Sənədi universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov və “Azeri Retail” MMC-nin baş direktoru Kamran Əyyubov imzalayıblar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən görüşdə E.Aslanov ATMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. ATMU ilə Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti arasında həm bakalavr, həm də magistr proqramı çərçivəsində uğur qazanan ikili diplom proqramının üstünlüklərindən danışan E.Aslanov, o cümlədən bu ali məktəblə “Azeri Retail” arasında imzalanacaq müqavilənin məhz həmin şirkətdə yay tanışlıq və istehsalat təcrübəsinin təşkilində faydalı olacağını bildirib.
K.Əyyubov “Azeri Retail” MMC-nin ölkə miqyasında ilk dəfə 2010-cu ilin iyununda Avstriyanın “Emsa Capital” investisiya fondunun təşəbbüsü ilə yaradıldığını, daxili bazarda MMC-nin “Fresco” brendi ilə tanındığını, dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqi prinsipinin əsas hədəf olduğunu diqqətə çatdırıb. “Təhsil ilə təcrübənin səmərəli əlaqələndirilməsinə xüsusi önəm verdiklərini, təcrübə müddətində ixtisaslı kadr kimi çalışmaq şansını təsdiqləyən tələbə-məzunların, ilk növbədə, işlə təminatında problem yaşanmayacağını deyib.
Sonra təcrübə proqramı çərçivəsində müqavilə imzalanıb.
“Azeri Retail” MMC nümayəndələrinin tələbələrlə görüşündə şirkətin fəaliyyətini əks etdirən təqdimatlar olub, iştirakçıların sualları cavablandırılıb.