ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində beynəlxalq konfrans yekunlaşıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri – 2018” mövzusunda beynəlxalq elmi konfrans yekunlaşıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransın bağlanış mərasimində Anadolu Universitetinin professoru Bülent Açma ölkəmizə səfərindən və Azərbaycan Universiteti ilə tanışlıqdan məmnunluğunu ifadə edib, konfransın işini yüksək dəyərləndirib.
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov konfransın işi və bölmələrdə müzakirə olunmuş məsələlərə dair hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, konfransa dünyanın 15-dək ölkəsinin alim və tədqiqatçıları məqalə təqdim ediblər. Tədbirdə 10-dək ölkədən alimlər iştirak ediblər. Təqdim olunan 232 məqalədən 167-si məruzə olunub ki, bu da konfransın yüksək səviyyədə keçdiyini göstərir.
Universitetin rektoru Səadət Əliyeva bildirib ki, ikigünlük beynəlxalq tədbir işini uğurla yekunlaşdırıb və məqsədlərinə nail olub. Rektor deyib: “Konfrans, həqiqətən, elmi müzakirə səhnəsinə çevrildi. Həm plenar məruzələr, həm də bölmə iclaslarında təqdim edilən çıxışlarda çox maraqlı, ciddi elmi araşdırmalar, nəticələr, problemlər ortaya qoyuldu”.
S.Əliyeva tədbirin plenar məruzəçilərinə, konfransın təşkilat komitəsinə və iştirakçılarına təşəkkürünü bildirib.
Bölmələrin rəhbərlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransın beynəlxalq elmi komitəsində on ölkədən alim təmsil olunub. Konfransa təqdim olunan materiallar toplu halında çap olunub və iştirakçılara paylanılıb.
Konfransın tərəfdaşları “Cambridge International Academics” (İngiltərə), Liepaya Universiteti (Latviya) və “Synergy Group”dur.