CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan konfrans təşkil edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakı Biznes Mərkəzində Milli QHT Forumu Beynəlxalq Qadın Klubunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda qadın təşkilatlarının rəhbərləri, mədəniyyət, incəsənət xadimləri və bir sıra sahələrdə xidmətləri olan ziyalı xanımlar iştirak ediblər.
Beynəlxalq Qadın Klubunun rəhbəri Əsmayə Cavadova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə və xaricdə geniş qeyd edilir. O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin şüurlarda yaratdığı müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Cümhuriyyətin yaranması tarixini - 28 May gününü hər il Respublika Günü kimi təntənə ilə qeyd edir.
Sonra konfransda Azərbaycan Xalq Cümhuriyyəti haqqında videoçarx nümayiş etdirilib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxışında bildirib ki, hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan unudulmaz səhifələr var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik salnaməsinin belə yaddaqalan səhifələrindəndir. Bu şərəfli tarixi həm özümüz dərindən öyrənməli, həm də dünya ictimaiyyətində təbliğ etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər XX əsrin sonunda xalqımıza milli dövlətçilik ənənələrini bərpa etməkdə siyasi və mənəvi məktəb olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, tariximizdəki yerinə və roluna nəzər salıb. O, 23 ay mövcud olmuş Cümhuriyyətin Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətindəki gərgin fəaliyyətindən, Cümhuriyyət liderlərinin fədakarlığından, xalq qarşısındakı xidmətlərindən danışıb. S.Qəhrəmanova bu gün Cümhuriyyət qurucularının arzu və istəklərinin həyata keçirildiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin tarixi hadisə olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Cümhuriyyətin yaranması Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunudur.
Konfrans öz işini bədii hissə ilə davam etdirib.