CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə İstanbulda rəsmi qəbul təşkil olunub VİDEO
İstanbul, 26 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə İstanbulda rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan qəbulda Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İstanbul valisinin müavini İsmail Gültekinin çıxışları dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyəti yaranması və süqutunun səbəblərindən danışan baş konsul Məsim Hacıyev Qafqaz İslam Ordusunun rəşadəti, müstəqilliyimizin bərpası prosesi, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, ölkəmizin hazırkı inkişaf istiqamətləri, Azərbaycan-Türkiyə qardaşlığı barədə danışıb.
Cümhuriyyətimizin yaranmasının Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli səhifələrdən olduğunu diqqətə çatdıran Fuad Muradov Azərbaycanın və Türkiyənin tarixin bütün dövrlərində bir-birinin yanında olmasının hər birimiz üçün iftixar olduğunu söyləyib. O vurğulayıb ki, ölkələrimizin sürətli inkişafı təhlükəsizliyimizin zəmanətidir. Türkiyə Dağlıq Qarabağ probleminin ədalətli həllində həmişə Azərbaycanın yanındadır. Sürətlə modernləşən Azərbaycan Ordusu təcavüz altında olan torpaqlarımızı işğaldan azad etmək gücündədir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbriklərini çatdıran İstanbul valisinin müavini İsmail Gültekin Azərbaycan-Türkiyə qardaşlığının bütün dünya üçün nümunəvi olduğunu söyləyib. O, Azərbaycanın müstəqilliyinin qorunmasının və inkişafının Türkiyədə qardaş sevinci kimi qarşılandığını diqqətə çatdıraraq bildirib ki, ölkələrimiz və xalqlarımız tarixin bütün dövrlərində bir-birinin yanında olublar.
Mərasim bədii proqramla davam edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şəcərələrinə hədiyyələr təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul