İQTİSADİYYAT
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus üzən emalatxana təmirdən çıxıb
Bakı, 4 iyul, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxana təmirdən çıxıb. Artıq emalatxana yedək gəmisi ilə – Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq “AXDG” QSC-nin gəmilərinə operativ xidmət göstərəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Başqa sözlə, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmiri bundan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
Müasir standartlara cavab verən üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda “AXDG” QSC-nin internet və lazımi avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərir. Bu da gəmiçilik əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliyini daha da artırmağa imkan verir.
Üzən emalatxana “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilib. Təmir müddətində emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib, istehsalat sahələrindəki bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib.
Bundan başqa, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılıb, sanitariya sistemi yenisi ilə əvəz edilib. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülüb.