ELM VƏ TƏHSİL
Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qızıl medalı ilə təltif olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Zeynalov yeni uğura imza atıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, həmyerlimiz türk dünyasındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qızıl medalı ilə təltif olunub.
Azərbaycanlı alim bundan əvvəl isə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, ABŞ-ın Nyu-York Elmlər Akademiyasının, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki və Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib.
Əsgər Zeynalov beynəlxalq miqyasda nüfuz qazanmış alimlərdəndir. O, beynəlxalq elmi konfrans və qurultaylarda respublikamızı layiqincə təmsil edib, xarici ölkələrdə məqalə və monoqrafiyaları işıq üzü görüb.